пятница, 25 сентября 2015 г.

Elektron tədris resurslarının kompleks ekspertizası və onlara Təhsil Nazirliyinin qrifinin verilməsi qaydaları



Azərbaycan Respublikası Təhsil Nazirliyinin
“21” dekabr 2009-cu il tarixli 1421 nömrəli əmri ilə
3 saylı əlavə təsdiq edilmişdir. 


 
 
Bu sənəd elektron tədris resurslarının (ETR) ekspertizasının qaydalarını, tərkibini və ardıcıllığını müəyyən edir. Ekspertiza Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifinin verilməsini müəyyənləşdirmək üçün keçirilir.
 
1. Ümumi qaydalar
 
1.1. Elektron tədris resursları proqram vasitələrinin, fənlərin məzmuna tabe olan rəqəmli səs və video-məhsulların sintezinin nəticəsidir. İnformasiyanın təqdim olunmasının bütün məlum üsulları: mətn, statik, dinamik, real və sintezləşdirilmiş video-məhsul, real və sintezləşdirilmiş audio-məhsul bənzərsiz rəqəmli formatda ETR-in tərkibinə daxildir. ETR-də modelləşdirmə üsullarından istifadə edilir. ETR aparat-proqram kompüter kompleksinin bazasında istifadəçi ilə interaktiv rejimdə fəaliyyət göstərir.
1.2. Elektron tədris resursları aşağıdakı istiqamətlərdə qurulur:
təyinat baxımdan:
  • tədris prosesinin dəstəklənməsi və inkişafı (tədris ETR),
  • informasiya mənbəyi və soraqça tipli ETR,
  • ümummədəni xarakterli ETR,
 
icra baxımından:
  • optik (CD, DVD,....) və maqnit (disket, ZİP, ....) daşıyıcılarda resurslar,
  • qlobal kompüter şəbəkələrində resurslar,
  • lokal kompüter şəbəkələri üçün ETR,
  • komplektləşdirilmiş ETR (disk/ şəbəkə),
 
təhsil səviyyələri baxımından:
  • məktəbəqədər,
  • ümumi orta,
  • peşə-ixtisas,
  • əlavə,
  • sağlamlıq imkanları məhdud şəxslər üçün
 
1.3. Ekspertizaya elektron daşıyıcılarda kütləvi tirajla nəzərdə tutulmuş tədris yönümlü ETR, SCORM meyarlarına cavab verən, qlobal kompüter şəbəkələrində nəşr edilmək üçün nəzərdə tutulmuş, yaxud əvvəllər nəşr edilmiş, təhsil müəssisələri qrupunun və əhalinin əkslər hissələrinin marağını əks etdirən resurslar qəbul edilir.
1.4. ETR ekspertizası zamanı bütünlükdə məhsula sahibkarlıq hüququnun olmasına, məhsulun və istifadə olunan materialların lisenziya saflığına, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa, Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq saziş və konvensiyalara uyğunluğa xüsusi diqqət ayrılır.
 
2. Məhsulun təqdim olunması və qeydiyyatı
 
Nazirliyin qrifinin verilməsi məsələsini həll etmək üçün İddiaçı (müəllif kollektivinin nümayəndəsi) Nazirliyin ETR üzrə Qiymətləndirmə Şurasına (ETR QŞ) aşağıdakı sənəd və materialları göndərir:
2.1. ETR-ə mülkiyyət hüququ olan müəllif kollektivinin məktubu. Bu məktubda ETR haqqında aşağındakı qısa məlumat verilməlidir:
  • Məhsulun adı və daşıyıcının tipi;
  • Hazırlayanın adı, hazırlama ili və yeri;
  • İnterfeys dili;
  • Hansı tədris proqramı və / və ya tədris fənni üzrə hazırlanıb;
  • Hansı yaş qrupu üçün nəzərdə tutulub;
  • Təyinatı (tədris, informasiya-arayış, ümumi mədəni);
  • Planlaşdırılan tiraj, yaxud istifadəçilərin gözlənilən sayı.
 
2.2. Rəsmi qeydəalma şəhadətnaməsinin surəti (mülkiyyət hüququ göstərilməklə). Məhsulda istifadə edilmiş material və alətlərin lisenziya təmizliyini təsdiqləyən sənədlər də əlavə olaraq ekspertiza zamanı tələb oluna bilər.
2.3. Elektron daşıyıcıda üç nüsxədə məhsul (nəşrə hazırlanmış və ya nəşr edilmiş), yaxud qlobal kompüter şəbəkəsində müraciət üçün dəqiq ünvan.
Təqdim olunmuş materiallar ETR QŞ tərəfindən qeydiyyata götürülür və elektron məhsulun nüsxələri ekspertlərə paylanılır.
 
3. Ekspertizanın tərkibi və aparılması
 
3.1. Elektron tədris resurslarının tam ekspertizası müxtəlif ixtisas sahələri üzrə mütəxəssislərin birgə yekun rəyləri, yəni müxtəlif növ ekspertizaların ümumiləşdirilməsi əsasında təqdim olunur. Elektron tədris resursları aşağıdakı tərkibdən ibarət kompleks ekspertizadan keçirilir: 
  • texniki ekspertiza,
  • məzmun ekspertizası,
  • dizayn-erqonomika ekspertizası.
 
Texniki (proqram-texniki) ekspertiza məhsulun işə yararlılığını və onun müxtəlif konfiqurasiyalı aparat-proqram kompleksləri ilə uzlaşmasını müəyyən edir, qəbul edilmiş standartların icrasını və analoji məhsulların müasir texniki səviyyəsinə uyğunluğunu qiymətləndirir.
Məzmun ekspertizası resursun təhsilin dövlət standartlarına, nümunəvi tədris proqramlarına, başqa normativ sənədlərin tələblərinə uyğunluğunu, məzmun tamlığını müəyyən edir, onun pedaqoji və metodik xüsusiyyətlərini, təşkil olunmuş təlim prosesi və ya müstəqil məşğələlər üçün yararlılığını qiymətləndirir.
Dizayn-erqonomik ekspertiza ETR komponentlərinin keyfiyyətini və bütünlükdə dizaynını, məhsulun psixoloji, erqonomik, bədii keyfiyyətini qiymətləndirir.
Beləliklə, hər elektron tədris resursu ən azı üç müxtəlif sahə üzrə ekspertizadan keçirilir. Bir qayda olaraq hər növ ekspertizanı 1 - 3 ekspert aparır.
3.2. Əhatəli ekspertiza aparmaq üçün, adətən, ETR QŞ tərəfindən təyin edilmiş ekspertlər cəlb olunur. Texniki və dizayn-erqonomik ekspertizanı ETR QŞ-nin üzvləri aparır. Lazım olarsa, ETR QŞ bütün növ ekspertizalar üçün şuranın tərkibinə müvafiq ixtisaslı müstəqil ekspertlər cəlb edə bilər.
3.3. Kompleks ekspertiza 2 aydan artıq olmayan müddətə keçirilir. Hər növün ekspertizası zamanı ekspert qiymətləndirilməsi attestatı doldurulur. Doldurulmuş və müvafiq ekspertlər tərəfindən imzalanmış attestatlar (hər biri 3 nüsxədən ibarət 3 attestat) ETR QŞ-nin növbəti iclasına bir həftə qalmışdan gec olmayaraq şuranın sədrinə verilir.
3.4. Şuranın iclasında uyğun növ üzrə ekspertiza aparan ekspertiza qrupundan ən azı bir nəfər iştirak edir. İclasa İddiaçının nümayəndəsi də dəvət oluna bilər. İclasda ekspert qiymətləndirməsinin attestatları nəzərdən keçirilir. İddiaçının nümayəndəsi müzakirə olunan məhsul haqqında qısa təqdimat keçirmək hüququna malikdir. Müzakirə nəticəsində qərar qəbul edilir və yekun forma – ETR QŞ-nin yekun rəyi doldurulur. Həmin formada məhsula ümumi qiymət və Təhsil Nazirliyinin qrifinin verilməsi barədə şuranın məsləhəti verilir.
3.5. Şuranın iclasında aşağıdakı qərarlardan biri qəbul oluna bilər:
  • qrif verilməsi Təhsil Nazirliyinə tövsiyə olunsun.
  • sonradan şuranın iclasında baxılmaq üçün ETR üzərində yenidən işlənilməsi İddiaçıya məsləhət bilinsin.
  • qrif verilməsi barədə iddia rədd edilsin.

3.6. Müsbət qərar qəbul edildiyi halda şura Azərbaycan Respublikası Təhsil Nazirliyinin struktur bölmələrinin normativ sənədlərinə, təklif və göstərişlərinə uyğun olaraq, eləcə də İddiaçının arzusu nəzərə alınaraq
  • dərslik,
  • dərs vəsaiti,
  • əyani tədris vəsaiti,
  • alternativ təhsil vəsaiti,
  • müntəxəbat (informasiya-sorğu mənbəyi),
  • praktikum (o cümlədən çalışmalar).
“… kimi icazə verilib”, yaxud “… kimi tövsiyə olunub” qrifinin verilməsini təklif edir.
 
Ekspertizaya ilk dəfə təqdim olunan ETR yalnız “icazə verilib” qrifinə iddia edə bilər. “İcazə verilib” qrifindən sonra ən azı 1 (bir) il müddətində sınaqdan keçmiş resurslar “tövsiyə olunub” qrifinə iddia edə bilər. “Dərslik kimi icazə verilib” qrifi isə yalnız “dərs vəsaiti kimi icazə verilib” qrifindən sonra təkrar müsbət ekspertizadan sonra təklif oluna bilər.
3.7. Şuranın iclası o zaman qanuni hesab olunur ki, onun üzvlərinin ən azı üçdə iki hissəsi iclasda iştirak etsin. İclasda iştirak edən şura üzvlərinin yarısından çoxu lehinə səs verərsə qərar qəbul olunmuş hesab edilir. Səslər bərabər olarsa sədrin rəyi həlledici hesab olunur.
3.8. Şuranın hər bir ETR üzrə rəyi yekun qərar kimi rəsmiləşdirilir, həmin qərar şuranın sədri, yaxud şura sədrinin müavini tərəfindən (əgər müzakirə zamanı iclası sədr müavini aparmışsa) imzalanır. Şuranın qərarının, eləcə də ETR ekspert qiymətləndirilməsi attestatının surətləri İddiaçıya və Nazirliyin müvafiq struktur bölməsinə təqdim olunur.
3.9. ETR QŞ tərəfindən qəbul edilmədikdən sonra yenidən ETR müzakirə üçün təkrar Nazirliyə təqdim oluna bilər. Bunun üçün məhsul iradlar nəzərə alınmaqla təzədən işlənməli və imtinadan azı üç ay sonra təqdim olunmalıdır.
3.10. Qrifin səlahiyyət müddəti 3 ildir.
 
4. Elektron tədris nəşrinə yekun ekspert rəyinin tərtib olunması
 
4.1. Ekspertin (ekspertlər qrupunun) işinin nəticəsi ETR QŞ-yə təqdim olunmuş ETR-in müvafiq növü üzrə kompleks ekspertizasının yekun rəyi (ekspert qiymətləndirilməsi attestatı) hesab olunur. Yuxarıda göstərilən üç qərardan birinin qəbul olunması üçün ekspert rəyi əsas götürülür.
4.2. Bir növ üzrə ekspertizanı bir neçə ekspert keçirdiyi halda bir razılaşdırılmış yekun rəy (ekspert qiymətləndirməsi attestatı) təqdim olunur. Fikir ayrılığı olarsa istənilən ekspert özünün xüsusi yekun rəyini təqdim edə bilər.
4.3. Əgər təqdim olunmuş sənədlər, materiallar və proqram məhsulları ETR-in keyfiyyətli ekspertizasını keçirməyə imkan vermirsə, ekspert ekspertizadan imtina etmək hüququna malikdir.
4.4. Ekspert ETR-in konkret misallarla əsaslandırılmış xüsusiyyətlərini göstərməlidir. Ekspert ekspertizanın yekun rəyinə müəyyən etdiyi səhvlərin, qeyri dəqiqliyin, çap səhvlərinin siyahısını da əlavə edə bilər. Ekspert ETR-in qiymətləndirilməsi üzrə öz təkliflərini aşağıdakı rəylərdən biri şəklində göstərə bilər:
  • təyinatın məqsədinə uyğun olaraq istifadə oluna bilər;
  • müəyyən istiqamətlərdə (istiqamətlər sadalanır) üzərində əlavə iş aparmaqla şuranın gələcək iclasında baxılması məsləhət bilinir;
  • təhsildə istifadə olunması məsləhət bilinmir.
 
4.5. Ekspert rəyləri hər bir ekspert (ekspertlər qrupu) tərəfindən üç nüsxədə ETR QŞ-yə təqdim edilir. Bütün nüsxələr ekspert (ekspertlər qrupu) tərəfindən imzalanmalıdır.
 
Elektron tədris resurslarının kompleks ekspertizası və onların keyfiyyətlərinin qiymətləndirmə meyarları:
 
Elektron tədris resursları (ETR) mürəkkəb məhsul olmaqla, müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirir. Doğrudur, kitabla müqayisədə ETR üçün müəyyən proqram-texniki kompleks tələb olunur. Lakin elektron audiovizual tədris sistemləri bu gün üçün məlum olan mətn, nitq, musiqi, foto, video, qrafika, animasiya və hətta virtual reallığın kombinə edilmiş interaktiv komponentlərini də özündə əks etdirən bütün təqdimetmə növlərini özündə birləşdirir. Elektron multimedia resursu yalnız mürəkkəb elmi-texniki məhsul deyil, o, həm də məzmunun dolğunluğu, metodik tapıntı, yaradıcılığın yüksək səviyyəsi, əsil incəsənətdir.
Kitabın ekspertizasından elektron tədris resursunun ekspertizasına keçid müstəvidən çox ölçülü fəzaya keçidə bənzəyir. Təbii ki, bu fəzada pedoqoji, metodik, yaradıcılıq imkanları daha yüksəkdir, ancaq məhsulun texnologiyasını və keyfiyyət meyarlarını təyin etmək daha mürəkkəbdir. 
Dünya təcrübəsi nəzərə alınaraq ETR-in kompleks ekspertizası və onun keyfiyyətinin qiymətləndirilməsi üçün aşağıdakı ekspertizaların aparılması gərəkli sayılıb:  
  • texniki ekspertiza;
  • məzmun ekspertizası;
  • dizayn-erqonomika ekspertizası.
 
Beləliklə, hər ETR-i ən azı müxtəlif ixtisaslı üç ekspert araşdırmalıdır (təcrübədə hər ixtisasdan 2-3 ekspert olmaqla, cəmi 6-dan 9-a qədər ekspert). Onların hər biri müvafiq Ekspert Qiymətləndirməsi Attestatını doldurur, baxılmış məhsulun keyfiyyətinə ballarla qiymət verir.
 
Texniki ekspertiza
 
Texniki ekspertiza ETR-in müxtəlif konfiqurasiyalı proqram-texniki komplekslərdə (ən azı üç) işləkliyini qiymətləndirir. Bu zaman aşağıdakılar nəzərdən keçirilir:
  • ETR-in beynəlxalq SCORM standartlarına cavab verməsi, resursların internetdə eyni zamanda bir çox istifadəçi tərəfindən açıla biləcək web interfeysinə malik olması,resursların həm vahid şəkildə həm də ayrı-ayrı istifadə oluna biləcək komponentlərdən ibarət olması;
  • məhsulun sistemə quraşdırılması və sistemdən uzaqlaşdırılması (tələb olunan yaddaş, standart proqram təminatının avtomatik quraşdırılmasının korrektliyi, uzaqlaşdırılma (deinstalyasiya) zamanı özəl elementlərin sistemdən çıxarılması və s. );
  • funksional sınaq (aktiv zonaların, bütün nəzərdə tutulmuş funksiyaların, məntiqi keçidlərin işləkliyi, multimediya komponentlərinin resurs tutumu və keyfiyyəti və s.);
  • proqramın reallaşdırılmasının keyfiyyəti (təxribatlar, başqa proqramlarla paralel iş zamanı özünü aparması, sorğulara cavab vermə sürəti və s.);
  • məhsulun lokal şəbəkədə işləməsi.
 
Məzmun ekspertizası
 
Məzmun ekspertizası fənn sahəsində məzmunun dolğunluğunu, ETR-in pedaqoji və metodik xüsusiyyətlərini qiymətləndirir.
Materialın növünə, predmetinə, tərkibinə görə yerləşdirilməsi, ən yaxın analoqları ilə müqayisəli xarakteristikası nəzərdən keçirilir.  
  • Məzmunun milli kurikulum tələblərinə cavab verməsi.
  • materialın həcminin və mövzunun işlənmə dərəcəsinin qiymətləndirilməsi (ixtisas tələblərinə görə məcburi minimuma uyğunluq, aktuallıq, yenilik, orijinallıq və s.);
  • məzmunun bütünlükdə qiymətləndirilməsi (faktoqrafik, ideoqrafik, praqmatik məzmun, mövzunun tam mənzərəsinin formalaşdırılması və s).
  • pedaqoji qiymətləndirmə (müəllimin, şagirdin maraqlarına uyğunluq, materialın təşkili, kulturoloji tərkib və s.);
  • Məhsulun metodiki dolğunluğu (istifadə olunan metodikaların, nəzarət sisteminin, variantlılıq prinsiplərinə uyğunluğun və s. qiymətləndirilməsi).
 
Dizayn-erqonomika ekspertizası
 
ETR-in dizayn-erqonomika ekspertizası audiovizual komponentlərin keyfiyyətini, məhsulun psixoloji, erqonomik və bədii keyfiyyətlərini qiymətləndirir. Bu ekspertizanın mürəkkəbliyi ondan ibarətdir ki, o, məhsulu hazırlayanın məharətini (zövqünü) qiymətləndirir.
Dizayn-Erqonomika Attestatına daxildir: 
  • bədii tərkibin qiymətləndirilməsi (multimedia vasitələrindən istifadə dolğunluğu və harmonikliyi, multimedia komponentlərinin orijinallığı və keyfiyyəti və s.);
  • interaktivin təşkilinin qiymətləndirilməsi;
  • erqonomikanın, istifadə rahatlığının qiymətləndirilməsi (intuitiv aydınlıq, səmimilik, naviqasiya rahatlığı və s.);
  • istifadənin sadəliliyinin qiymətləndirilməsi.

Комментариев нет:

Отправить комментарий